642
Onlara evdə uşaqlarının reabilitasiyasına dəstək verə bilmələri üçün 50 videodərs hazırlanaraq www.serebralders.az veb səhifəsində və mobil tətbiqdə yerləşdirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə hazırlanmış www.serebralders.az veb səhifəsi və mobil tətbiqinin təqdimatı keçirilib.
Tədbirdə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov, Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, qeyri-hökumət təşkilatlarının nümayəndələri və b. iştirak edib.
V.Behbudov həssas əhali qrupları ilə bağlı davamlı olaraq layihələr həyata keçirildiyini qeyd edib. Bu layihələrin mühüm bir istiqamətinin də 18 yaşınadək əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasının dəstəklənməsinə yönəldiyini bildirib.
Qeyd olunub ki, təqdim edilən www.serebralders.az veb səhifəsi və xüsusi mobil tətbiqi də serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqların valideynlərinə, onların bacarıqlarının artırılmasına, bu istiqamətdə elektron resurslardan istifadənin genişlənməsinə dəstək məqsədi daşıyır.
Layihə çərçivəsində həmin valideynlər üçün evdə uşaqlarının reabilitasiyasına dəstək verə bilmələri üçün 7 istiqamət üzrə 50 videodərs hazırlanıb və www.serebralders.az veb səhifəsində və mobil tətbiqdə yerləşdirilib.
Nevroloq, pediatr, fizioterapevt, psixoloq, loqoped və digər mütəxəssislərin iştirakı ilə hazırlanan bu videodərslərdə valideynlərə serebral iflici olan uşaqların fiziki və zehni inkişafı, onlara qayğı və qulluq, ilkin yardım üçün ev şəraitində görüləcək tədbirlərə dair bilik və bacarıqlar öyrədilir.
Videodərslər dünya praktikasında qəbul olunmuş tədris proqramı və vəsaitləri əsasında hazırlanıb.
Bu layihə ilə valideynlərə uşaqlarının qayğısına qalmaq, onların təhlükəsizliyini təmin etmək və inkişaflarına dəstək olmaq üçün videodərslərdən təmənnasız yararlanmaq imkanı yaradılıb.
Tədbirdə bu kimi layihələrin xüsusi qayğıya ehtiyacı olan şəxslərin reabilitasiya yönümlü xidmətlərə əlçatanlığının artırılmasına önəmli dəstək olduğu vurğulanıb, videodərslərdə iştirak edən uşaqlara təşəkkürnamələr təqdim edilib.